“İstedad fabriki” olan rayon: Orada naziri gözləyirlər - FOTO

24 Yanvar 2022 10:40 Araşdırma 1 271
“İstedad fabriki” olan rayon: Orada naziri gözləyirlər - FOTO

Azərbaycanda futbolun durumu o qədər acınacaqlıdır ki, cəmiyyətdə belə bir fikir formalaşıb:

“Bizdə futbolçu yetişmir”. Yəni cəmiyyət, ölkədə futbolun olmamasının səbəbini məhz futbolçunun yetişməməsi ilə əlaqələndirir.

Bəs futbolçu necə yetişməlidir? “Yetişməlidir” sözünün işlədiriksə, deməli, yetişmək üçün müəyyən şərait olmalıdır.

Azərbaycanda futbolçu yetişdirmək üçün o şərait varmı? Bu haqda dəfələrlə yazmışıq. Amma dəyişən heç nə yoxdur. Ona görə də yazmaqda davam edirik.

“Viləş” dağıldı, futbolun “tifağı dağıldı”

Azərbaycanın özünəxas futbol ənənələri olan rayonlarından biri də Masallıdır. Bu rayonu, sözün əsl mənasında futbolçu istehsal edən “fabrik” adlandırmaq olar. Amma o “fabrik” daha fəaliyyət göstərmir. Masallının “Viləş” komandası ölkə çempionatında çıxış edəndə heyəti, demək olar ki, yerli futbolçulardan qurulmuşdu. Digər komandaların da heyətində Masallı futbolunun yetirmələri oynayırdılar. “Viləş” dağılandan sonra bu rayonda da futbolun “tifağı dağıldı”. Futbolçu yetişdirmək üçün öncə nə tələb olunur? Təbii ki, infrastruktur. Daha sonra isə kadr potensialı. “Viləş”dən sonra Masallının futbol təsərrüfatında xaos yarandı. Bu xaos da olan-qalan infrastrukturun dağılması ilə nəticələndi. Uşaq futbolu, demək olar ki, yoxa çıxdı. Karyerasını başa vuran “Viləş”in futbolçuları da işsiz qaldılar. İşsiz qalan veteranlar bilik və bacarıqlarını təkmilləşdirə bilmədilər.

Rayonun elə bir kəndi yoxdur ki...

Amma bu fədakar insanlar bir müddətdən sonra şəxsi təşəbbüsləri ilə uşaq futbolunda müəyyən canlanma yarada bildilər. İndi Masallıda uşaq futbolu var, amma xeyli problemlərlə birgə. “Viləş”in veteranları ilə söhbətdə bildirdilər ki, rayonun elə bir kəndi yoxdur ki, orada istedadlı futbolçu olmasın. Amma o uşaqların tapılması, məşqlərə cəlb edilməsi üçün şərait yoxdur. Məşqçilər hər hansı kəndə istedadı tapır, amma onun rayon mərkəzinə gəlib-getməsi problem yaradır. Təbii ki, bu problem də ailələrin maddi durumuna bağlıdır. Hər ailənin imkanı çatmır ki, övladını rayon mərkəzinə məşqə aparıb-gətirsin.

“Həssas zəncir” qırılır

Amma buna baxmayaraq, veteranlar müəyyən çıxış yolları axtarır, o uşaqların futboldan kənarda qalmamağına çalışırlar. Ancaq məslə bununla da həllini tapmır. Həmin istedadlar 17 yaşa çatdıqdan sonra ən ciddi problemlə üzləşirlər. Ölkə futbolunda sistem, strategiya olmadığı üçün yeniyetmələr peşəkar futbola adlaya bilmirlər. Beləcə, veteranların fədakarlığı sayəsində qurulan “həssas zəncir” qırılır. Bəs çıxış yolu nədir?
Veteranlar çıxış yolu göstərirlər

“Viləş”in veteran futbolçuları bizimlə söhbətdə çıxış yolunu da göstərdilər: Rayon mərkəzində futbol akademiyası inşa edilməlidir. Üstəlik, 10-12 kənddə də kiçik futbol məktəbləri olmalıdır. Bu futbol məktəblərinin hər biri 6-7 kəndi əhatə edərsə, onda bütün rayonda uşaq futbolunu dirçəltmək çətin olmaz. Kəndlərdə yaradılan futbol məktəblərindəki xüsusi istedadlar rayon mərkəzindəki akademiyaya yönəldilməlidir. Orada da özünü sübut edənlər isə Bakıdakı futbol akademiyalarına (əgər Bakıda futbol akademiyası varsa) göndərilməli və ya peşəkar komandalara tövsiyə olunmalıdır.

İşə kim başlamalıdır?

Belə baxanda, reallaşması o qədər də çətin iş deyil axı. Bir rayonda futbol infrastrukturunu qurmaq üçün, uzağı 5 milyon manat lazım olar. Veteranlar deyirlər ki, əgər bu işə başlanılsa, rayonun biznesmenləri də müəyyən dəstək verərlər. Amma işə kim başlamalıdır? AFFA uzun illərdir ki, ildə 5 milyon manatı heç bir nəticə verməyən yığma komandanın əcnəbi məşqçilərinə verir. 10 il ərzində bu inadkarlıqdan əl çəkilsəydi, indi futbol ənənəsi olan 10 rayonda uşaq futbolu üçün infrastruktur qurulardı.

Nazirin gələcəyini gözləyirlər
Masallının futbol veteranları Gənclər və İdman Nazirliyində yeni təyinatlardan sonra bir qədər ümidləniblər. Onlar nazir Fərid Qayıbovun Masallıya gələcəyinə və problemlərlə maraqlanacağına ümid edirlər. Masallı təkcə futbol yox, ümumiyyətlə idman rayonudur. Burada adlı-sanlı güləşçilər, voleybolçular, ağırlıqqaldıranlar da yetişib. Veteranlar deyirlər ki, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və AFFA imkanları birləşdirsələr, çox asanlıqla idman infrastrukturu yaratmaq olar. Məktəblərin stadionları və idman zalları var ki, müəyyən bərpa işləri aparılsa, onları əsl “fabrik”ə çevirmək olar.

Bu fədakarlığın da bir sərhədi var

Hələ ki, veteranlar ümid edirlər, gözləyirlər. Gözləyirlər ki, yeni nazir Masallıya gələcək. Gözləyirlər ki, ölkədə idmanın, o cümlədən futbolun inkişafı ilə bağlı strategiya qəbul ediləcək. İnanırlar ki, bu strategiyanı həyata keçirmək peşəkarlara həvalə olunacaq. Və bu inamla da, hələ ki, fədakarlıq göstərirlər. Valideynlərin və özlərinin təşəbbüsü ilə uşaq futbolunun varlığını qorumağa çalışırlar Masallıda. Amma bu fədakarlığın da bir sərhədi var. Veteranlar hələ ki, inanırlar, ümid edirlər. O inam, ümid ölsə...

Natiq Muxtarlı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb. Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Digər Xəbərlər
Xəbər Lenti