1 il öncə yaradılan MEDİA jurnalistlər üçün nə işlər görüb?

12 Yanvar 2022 10:30 Araşdırma 254
1 il öncə yaradılan MEDİA jurnalistlər üçün nə işlər görüb?

Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranmasından bir il ötür.

Agentlik ötən il yanvarın 12-də Prezident İlham Əliyevin fərmanı ilə media sahəsində islahatlar, bu sektorun təkmilləşdirilməsi və peşəkarlaşdırılması məqsədilə yaradılıb.

Agentliyin əsas funksiyası yalnız media subyektlərinin inkişafına maliyyə təminatı yaratmaq deyil, eyni zamanda onların iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək, bu məqsədlə müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılmasına şərait yaratmaq, iqtisadi cəhətdən müstəqil media subyektlərinin yaradılmasını təmin etməkdir.

Bu bir ildə Azərbaycanda mətbuatda çalışan peşəkar jurnalistlər üçün ilk dəfə silsilə təlim və seminarlar keçirilib. Yerli və xarici mütəxəssislərin təcrübələrini bölüşdükləri təlimlər media sahəsində yeni trendin başlanğıcı kimi qiymətləndirilir.

Qurum tərəfindən “New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə də seminarlar keçirib. İştirakçılara müasir media mühiti, jurnalist dəyərləri və bu peşənin etik və peşəkar yanaşmaları tədris edilib.

KİV nümayəndələrinə eyni zamanda təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardımla bağlı “Jurnalistlərin münaqişə ərazilərində davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlimlər keçirilib. Agentlik hərbi jurnalistlərin hazırlanması məqsədilə Türkiyənin Ankara şəhərində azərbaycanlı mətbuat nümayəndələri üçün Medianın İnkişafı Agentliyinin və Türkiyənin aidiyyəti qurumlarının təşkilatçılığı ilə “Hərbi jurnalistika” mövzusunda dərslər keçib.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli də Medianın İnkişafı Agentliyinin bir illik fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. O, "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sözügedən agentliyin medianın bütün sferalarında fəaliyyəti hiss olunur: "Qurumun fəaliyyəti çoxsahəlidir, mediaya maliyyə dəstəyi göstərilməsindən, media layihələrinin dəstəklənməsindən başlamış, qanunvericiliyin təkmilləşdirilməsinə və peşəkarlıq kurslarının təşkilinə qədər müxtəlif sferaları əhatə edə bilər. Eyni zamanda qurum Azərbaycanın Türkdilli Dövlətlər Şurasında media platformasının yaradılmasında iştirak edib. Jurnalistlərin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkil olunması, jurnalistlər üçün müsabiqələrin keçirilməsi yadda qalan geniş sferalar olsa da, bunların arasında 3 məqam xüsusi diqqət çəkir: Birincisi Medianın İnkişafı Agentliyi tərəfindən “Media haqqında” yeni qanun layihəsinin işlənib hazırlanmasıdır. Bu qanun Azərbaycan mediası üçün vacibdir və burada Azərbaycan mediasının yeni dövrü tamamilə əhatə olunub.

İkinci jurnalistlər üçün peşəkarlıq kurslarının keçirilməsidir. Belə kurslar ayrı-ayrı təşkilatlar tərəfindən tez-tez keçirilir. Lakin ilk dəfədir ki, Azərbaycanda təhsilini başa vurmuş, çalışan jurnalistlər üçün bu cür innovativ əsaslarla hazırlanmış və sistemli kurslar keçirilir. ADA Universiteti ilə belə kursların təşkil edilməsi burada jurnalistikanın ən trend mövzularına - təhlükəsizlik, peşəkarlıqla bağlı kurslara yönəldilməsi mənim çox diqqətimi çəkdi. Çünki biz zaman-zaman belə kursların keçirilməsini arzu etmişdik. Düzdür, bu cür kurslar çox keçirilir, amma sistemsiz keçirilirdi. Adətən, donor təşkilatlar ildə 1-2 dəfə layihələr ayırırdılar. İlk dəfə idi ki, sistemli kurslar təşkil olunurdu və redaktorlardan başlamış sıravi jurnalistlərə qədər ən müxtəlif kontingenti əhatə edirdi. Bu vacib məsələdir və arzu edirik ki, növbəti illərdə də davam etdirilsin”.

M. Ələsgərli əlavə edib ki, Həmkarlar İttifaqının rəhbəri olaraq onun üçün ən vacib məsələlərdən biri jurnalistlərin sosial problemlərinin həlli istiqamətində addımların atılmasıdır: “Bildiyim qədər burada yüzlərlə jurnalist müxtəlif müsabiqələrdə iştirak edib və mükafatlandırılıblar. Bu, sadə jurnalist üçün əlavə gəlirdir və böyük əhəmiyyət daşıyır. Jurnalistlərin qabiliyyətinə, bacarığına görə qiymətləndirilməsi, qalib olmaları onları həm ruhlandırır, həm də sosial həyatlarına təsir edir”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!