Rəşad Sadıqov, yoxsa..?

2 Dekabr 2021 21:20 Araşdırma 1 030
Rəşad Sadıqov, yoxsa..?

Həftəsonu Premyer Liqada növbəti gərgin və maraqlı qarşılaşmaya şahidlik edəcəyik.

Mövsümün startından bu yana yaxşı mənada təəccübləndirməkdə davam edən və ötən həftəsonu “Qarabağ”a məğlub olmayan “Qəbələ” (0:0) bu dəfə növbəti ağır sınaqla üz-üzədir.

Bölgə təmsilçisi Bakıya səfər edib, turnir cədvəlindəki əsas rəqiblərindən birinci – “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Hədəf eyni, güc bərabər
Komandalar arasında əsas prinsipiallığın nədən ibarət olduğunu ətraflı izah etməyə gərək yoxdur. Hər ikisinin 22 xalla 2-3-cü pillələri bölüşməsi və avrokubokları hədəfləməsi faktını ortaya qoyanda ümumi mənzərəni təsəvvür etmək çətin deyil.

Ortabab yerli futbolçulardan və legionerlərdən qurulan komandaları güc nisbətində birini digərindən üstün görmək çətindir. Söz yox, “Zirə” büdcə mənasında rəqibini nisbətən üstələyir. Amma komandadakı ifaçıların bacarığı və meydanda etdikləri aşağı-yuxarı eynidir.

Bölgə təmsilçisində Ruan Renato, Rafael Utrix, İsnik Alimi əsas söz sahibləri hesab olunursa, zirəlilər əsasən Davit Volkov, Loris Broqno kimi əcnəbilərin bacarığına bel bağlayır.

Tüpürcək və “kəllə”
Çempionatın ilk yarısında komandaların Qəbələdə baş tutan ilk matçı kifayət qədər gərgin alınmışdı.

Qonaqlar hesabda önə çıxmasına baxmayaraq, mübarizəyə sonradan qoşulan Ülvi İsgəndərov vurduğu qolla status-kvonu bərpa etmişdi.

Oyunun sonlarında Ehtiram Şahverdiyevə tərəf tüpürən Dimitrios Çantakiasın rəqibindən aldığı cavab baş zərbəsi olmuşdu. Və həmin kəllə Ehtiramın 4 oyunluq cəzalanmasına gətirib çıxarmışdı.

Şənbə günü Qəbələdəki qarşılaşmanın davamının olacağına şübhə etməyə dəyməz. Yenə prinsipiallıq, yenə mübarizlik, yenə 3 xal həvəsi.

"Bir güllə ilə iki dövşan”
Bu oyunda qələbənin hansı önəm daşıdığını hər iki komandanın məşqçi və futbolçu heyəti yaxşı dərk edir. Eyni xala sahib komandaları lider “Qarabağ”dan 5, aşağı “qonşu” “Neftçi”dən 2 xal ayırır.

Ağdamlıların sıx qrafikdə oynaması və qış fasiləsinə qədər büdrəməsi real görünür. “Neftçi”dəki itkilərin fonunda “Sumqayıt”la dueldə qələbəyə həsrət qalması da real görünür.

Deməli, 3 xalı bayram edəcək kollektiv həm 2-ci pillədəki mövqeyini möhkəmləndirəcək, həm də “Qarabağ”la xal fərqini “əritmək” şansı yaxalayacaq.

Onlardan hansı biri?
Zirədəki dueldə həm də iki şəxs – baş məşqçilər Rəşad Sadıqovla Elmar Baxşıyev diqqət mərkəzində olacaq.

Premyer Liqada özlərindən təcrübəli Ayxan Abbasov, Samir Abasov, Sənan Qurbanov, Aftandil Hacıyev kimi həmkarlarının komandalarından daha xoş təsir bağışlayan kollektiv formalaşdıran bu iki çalışdırıcının gördüyü iş göz qabağındadır.

Vaxtilə millidə komanda yoldaşı olmuş Baxşıyevlə Sadıqovun futbolçularını oyuna psixoloji cəhətdən hazırlamaq bacarığından çox şey asılıdır.

Adətən, bu cür görüşlərdə psixoloji amil vacib rol oynayır. Güc nisbəti eyni olanda, həm də, taktiki planda daha ağıllı davranan tərəf yekunda istəyinə çatmış olur.

Deməli, bu oyunda baş məşqçilərin futbol savadı və oyunu “oxumaq” bacarığı da həlledici amil sayıla bilər. Bir sözlə, Baxşıyevlə Sadıqovun duelini də maraqla izləmək şansımız olacaq.

Güclü olan qazansın!

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti