Millimizdə 2 oyuna çıxdı, klub tapmadı, karyerasını bitirdi

2 Dekabr 2021 01:50 Araşdırma 738
Millimizdə 2 oyuna çıxdı, klub tapmadı, karyerasını bitirdi

Azərbaycanın U-21 yığmasında çıxış etmiş türkiyəli futbolçular barədə ötən yazımızda məlumat vermişdik.

Bu dəfə isə sizə oxuculara Azərbaycanın A millisində çıxış etmiş türkiyəli oyunçuların hazırda harada oynaması haqda məlumat verəcəyik.

Ufuk Budak (“Ərzurumspor BB”)
Azərbaycanın U-21 yığmasında da oynamış türkiyəli futbolçunun A millimizdəki debütü 2011-ci ilə təsadüf edib. O, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda Qazaxıstanla(3:2) keçirilən oyunda millimizin heyətində ilk oyununa çıxıb. Seçmə mərhələ və yoxlama görüşləri daxil olmaqla ümumilikdə 17 oyuna çıxan solaxay müdafiəçi Azərbaycan millisində son dəfə Robert Prosineçkinin başçılığı altında çıxış edib. O, 2016-cı ildə Avstriya toplanışı çərçivəsində Andorraya qarşı yoxlama görüşündə oynamışdı. Yayda “Bursaspor”a keçsə də, 1 oyun oynadıqdan sonra “Ərzurumspor”a transfer olan Budak bu komandada aparıcı oyunçulardan deyil.



Əli Gökdəmir (“Sportfroynde Şvebiş Hall”)
Bu futbolçu haqda U-21 yığmamıza cəlb edilən türkiyəlilər barədəki yazımızda məlumat vermişdik. U-21 yığmamızda 3 seçmə mərhələ oyununa çıxdıqdan sonra Azərbaycanın A millisinə cəlb edilən Gökdəmir ilk dəfə 2012-ci ildə Yaponiya – Azərbaycan oyununda millimizin formasında meydana çıxıb. Əsas millidə 9 oyuna çıxmış müdafiəçi son dəfə 2013-cü ildə noyabrda Qırğızıstanla Bişkekdə 0:0 başa çatan oyunda meydanda olmuşdu. O, hazırda Almaniyada həvəskar liqada çıxış edən “Sportfroynde Şvebiş Hall”da oynayır”.



Cihan Özkara (“Afyonspor”)
Cihan da U-21 yığmamızda oynadığına görə onun barəsində də məlumat vermişdik. Almaniyada doğulan türkiyəli hücumçu U-21 yığmamızda 4 oyun keçirib 1 qol vurduqdan sonra 2012-ci ildə fevralın ayında Fələstinlə yoxlama görüşdə debüt etmişdi. Azərbaycanın A millisində ümumilikdə 17 oyun keçirmiş Özkara cəmi 1 qol vurub. Forvard yığmamızda son görüşünü 2014-cü ildə Rusiyaya qarşı keçirilən yoxlama oyununda meydana çıxmışdı. Amma o, yığmamızın 0:4 hesablı məğlubiyyətindən qaçmasına heç cürə kömək ola bilməmişdi.



Uğur Pamuk (“Hicret”)
Karyerasının böyük hissəsi Azərbaycanla bağlı olan Uğur da millimizə cəlb olunan türkiyəlilərdəndir. “Sumqayıt” və “Xəzər Lənkəran” klublarında oynamış Pamuk Cihan Özkara kimi “Arminiya”(Bilefeld) klubunun yetirməsidir. Azərbaycandan ayrıldıqdan sonra “Manisaspor”a keçmiş futbolçu türk klubunda zədələndikdən sonra karyerasını istədiyi səviyyədə davam etdirə bilməmişdi. Bir neçə dəfə Azərbaycan millisinə cəlb edilmiş Pamuk yığmamızın heyətində cəmi bir dəfə meydana çıxıb. O da 2012-ci ilin may ayında Andorraya qarşı keçirilən və 0:0 hesabı ilə başa çatan yoxlama görüşündə meydana çıxmışdı. Hazırda isə Pamuk Almaniyada “Hicret”(Bilefeld) klubunda oynayır.



Taşkın İlter (“Eyüpspor”)
Türkiyəli A millimizdən əvvəl U-19 və U-21 yığmalarımızda da çıxış edib. Yarımmüdafiəçinin A millidə stabil oynayacağı ehtimal edilsə də, bu baş vermədi. Əsasən U-21 yığmamızda aparıcı üzvlərindən olmuş İlter A millidə bir oyunda meydana çıxıb. Həmin matç da 2013-cü ildə Qırğızıstanla Bişkekdə 0:0 başa çatan oyuna təsadüf edib.



Tuğrul Erat (“Rot Veys Oberhauzen”)
U-21 yığmasında 6 oyuna 3 qol vurmuş Erat Azərbaycanın A millisində 4 oyuna çıxıb. Amma heç bir oyunda qol vura bilməyib. Millimizin heyətində 2014-cü ildə martın 5-də BƏƏ-dəki toplanış çərçivəsində Filippinlə(1:0) oyunda debüt edən Erat son dəfə 2015-ci ildə AÇ-2016-nın seçmə mərhələ oyunu olan Bolqarıstanla)(0:2) səfər qarşılaşmasında meydana çıxıb.



Dəniz Yılmaz (karyerasını başa vurub)
Dənizin milli komandamıza cəlb edilmiş türkiyəlilər arasında ən yaxşı karyeraya malik olduğunu desək yəqin ki, yanılmarıq. 1988-ci il Almaniya doğumlu olan forvard “Ulm” yetirməsi olsa da “Bavariya”nın futbolçusu olub. O, “Maynts”ın heyətində Bundesliqada da oynayıb. “Paderborn”, “Elazığspor”, “Trabzonspor”, “Bursaspor” və “Gənclərbirliyi”də də oynamış türkiyəli son dəfə 2019-cu ildə futbol oynayıb. 32 yaşlı Türkiyənin U-17, U-19 və U-21 yığmalarında oynadıqdan sonra 2016-cı ildə Robert Prosineçkinin baş məşqçiliyi dövründə yığmamıza cəlb edilib. Şimali İrlandiya ilə matçda debüt edən Yılmaz bir il sonra Almaniyaya qarşı(1:4) da keçirilən oyunda oynadıqdan sonra millimizə cəlb edilməmişdi. Son dəfə “Gənclərbirliyi”ndə oynadıqdan sonra isə Yılmaz karyerasını başa vurub.



Emin Nuri ("Kalmar")
O, Bolqarıstanda doğulsa da, türkiyəsillidir. Karyerasının bütün hissəsi İsveçlə bağlı olan Nuri də millimizə böyük gözlənitlərlə cəlb edilmişdi. Müdafiəçi Berti Foqtsun dövründə millimizə dəvət olunmuşdu. 2014-cü ildə Bakıda Özbəkistana qarşı keçirilən yoxlama görüşü isə Emin üçün birinci və sonuncu oyun olmuşdu. Həmin oyunun ikinci hissəsində Ufuk Budakın əvəzinə meydana daxil olan Nuri 90-cı dəqiqədə zədələnərək yerini Elnur Allahverdiyevə vermişdi. 2004-2008-ci illərdə “Östers”də oynamış 34 yaşlı Emin 12 ildir ki, “Kalmar”da oynayır (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti