Rəşad Sadıqov, Tərlan Əhmədov, yoxsa Canni de Byazi? - MİLLİNİN GÜNDƏMİ

1 Dekabr 2021 22:40 Araşdırma 1 760
Rəşad Sadıqov, Tərlan Əhmədov, yoxsa Canni de Byazi? - MİLLİNİN GÜNDƏMİ

Sabah Azərbaycan millisinin baş məşqçisi məsələsinə böyük ölçüdə aydınlıq gələcək.

AFFA İcraiyyə Komitəsinin iclasından sonra Canni de Byazi ilə bağlı qərar açıqlanacaq.

Təbii ki, italiyalının hesabatı dinləniləcək. Amma o da dəqiqdir ki, onunla bağlı qərar son günə saxlanılmayacaq. Yəqin ki, AFFA rəhbərliyi de Byazinin qalıb-qalmayacağını özü üçün çoxdan müəyyənləşdirib.

Sadəcə, formal olaraq onun komandasının seçmə mərhələdəki performansı barədə hərə öz fikrini səsləndirə bilər. Məlum məsələdir ki, iclasa qatılacaq üzvlərin çoxu ora verilən qərarı dəstəkləmək üçün gedir.

Artıq bir neçə aydır ən böyük müzakirə mövzusuna çevrilən millinin baş məşqçisi postuna bu müddətdə çox mütəxəssisin adı çəkildi. Yerlilərdən Tərlan Əhmədov və Rəşad Sadıqov adı daha ağır gəlir.

Əcnəbilərdən isə Türkiyənin, demək olar ki, bütün məşqçilərinin adı hallandırıldı. Bunun kimə və nəyə xidmət etdiyi qaranlıqdır, ancaq Türkiyə mətbuatı gah Okan Buruku, gah Samet Aybabanı, gah Şenol Günəşi, gah da hətta Yılmaz Vuralı millimizə “təyin etdi”.

Əlbəttə ki, Azərbaycan futbolunun problemi məşqçi məsələsi deyil. Bu, yığmaya da, klublara da aiddir. Yerli futbolçu çatışmazlığı, yetişdirməklə bağlı nöqsanlar, yanlış idarəçilik və s. kimi təməl problemlər dəfələrlə vurğulanıb. Bunların AFFA-dakılardan başqa hamını narahat etməsi də başqa bir problemdir.

İndiki durumda yığmanı yerli mütəxəssisin çalışdırması ən ideal seçim olardı. Çünki onsuz da, barmaqla sayılacaq qədər olan futbolçularımızı özümüzünkülərdən başqası istənilən səviyyədə tanıya bilməz. Ancaq bir şərtlə ki, həmin yerliyə əcnəbilərə olan hörmət göstərilsin, sərbəstlik verilsin və ondan dünya və ya Avropa çempionatına vəsiqə tələb olunmasın. Çünki bu, xam xəyaldan başqa bir şey deyil.

Yox, AFFA Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Canni de Byazi ənənəsinə sadiq qalmağı qərara alıbsa, növbəti yanlış addımı atmış olar. Çünki qardaş ölkə Türkiyədən gətirilən mütəxəssis olsa belə, futbolçuları tanımaq, onların mentalitetini öyrənmək və s. kimi məsələlər üçün vaxt istəyəcək. Həmin məşqçi bunları öyrənənə qədər millimiz növbəti tsikldə qrup sonunculuğunu təmin edəcək. Bu üzdən o postda mütləq əcnəbi olmalıdırsa, elə Canni de Byazinin qalması ən doğru qərar olar. Ən azı italiyalı tanışlıq mərhələsini geridə qoyub, ölkəyə, futbolçularına, çempionatımıza, buradakı iş prinsiplərinə bələddir. Oyunçular da onu, futbol fəlsəfəsini bilirlər.

De Byazi qalacağı təqdirdə millimiz uğur qazanacaqmı? Təbii ki, xeyr. Yəqin “yığmanı kim çalışdırır-çalışdırsın, ciddi uğur olmayacaq” fikri ilə hamı razılaşar. Baş məşqçi postunda yerli və ya əcnəbinin olması sadəcə seçmə mərhələdə 3-5 xallıq fərq yaradacaq. Çünki təkrarçılıq kimi olmasın, baş məşqçi məsələsi həll olunması gərəkən, bəlkə də, son problemdir.

Sadəcə, əcnəbi ilə yola davam ediləcəksə, de Byazini göndərib, bir başqasını gətirmək işə yenidən sıfırdan başlamaq olacaq. Bu da yalnız özünü aldatmaqdır (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”