166 min avroluq “əmma” - “Omoniya” kimə “gəlir”?

20 Noyabr 2021 17:20 Araşdırma 1 541
166 min avroluq “əmma”  - “Omoniya” kimə “gəlir”?

“Qarabağ” noyabrın 25-də Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Omoniya”nı qəbul edəcək.

Pley-off mərhələsinə yüksəlmək şansını “Kayrat”la səfər qarşılaşmasındakı 2:1 hesablı qələbə ilə qətiləşdirən “köhlən atlar”ın əsas hədəfi qrupu ilk pillədə tamamlamaqdır.

“Omoniya” və “Kayrat” üçün məlum yarışdakı mübarizənin başa çatdığını deyə bilərik. Kiprlilər hesabında olan 2 xalla nəzəri şansları qorusa da, 8 xala malik “Bazel”i geridə qoyacaqları inandırıcı görünmür.

Kipr mətbuatında yer alan xəbərin ciddiliyinə inanmasaq da, həmkarlarımız “Omoniya”nın Bakıya bir neçə aparıcı futbolçusunu gətirməyəcəyini yazıb.

Səbəb kimi baş məşqçi Henninq Berqin daxili çempionatı düşünərək əsas heyət üzvlərini qorumaq istədiyi yazılıb.

Təbii ki, rəqib komanda medianın köməyinə ehtiyac duymaqla, “Qarabağ”ı, lap dəqiq deməli olsaq, Qurban Qurbanovu çaşdırmaq niyyəti güdür. Ki, Bakıya zəif heyətlə gələcəyik, arxayınlaşa bilərsiz.

Qurbanov kimi təcrübəli mütəxəssisin buna inanmadığı və inanmayacağı gün kimi aydındır. İnanmağa əsas yoxdur axı.

Ona görə ki, Avropa Konfrans Liqasının qrup mərhələsində hər xal(lar) pul deməkdir. Qələbənin mükafatı 500 min avrodursa, heç-heçəyə görə 166 min avro nəzərdə tutulub.

Klubların pulu çıraqla axtardığı dönəmdə Nikosiya təmsilçisinə rəhbərlik edənlərin baş məşqçinin aparıcı futbolçuları Bakıya gətirməməsi ilə bağlı qərarına hörmətlə yanaşacağı inandırıcı görünmür.

Sponsorlar futbolçulara pul xərcləyirsə, onlardan qazanc güdür. Digər tərəfdən, hər biri məşqçi futbolçularını sıx qrafikdə oynamağa alışdırmaqda maraqlıdır.

“Omoniya”nın ölkəsinin sayılıb-seçilən komandalarından biri olduğunu nəzərə alsaq, Bakıda xal(lar) qazanmağa çalışacağı şübhə doğurmur.

Qısası, mətbuatda yazılanlar Qurban Qurbanovu çaşdırmaq, komanda üzvlərini arxayınlaşdırmaq cəhdidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti