"Ermənilər rus sülhməramlıların uniformasını geyinəcəklər və…”

19 Noyabr 2021 22:30 Araşdırma 559
"Ermənilər rus sülhməramlıların uniformasını geyinəcəklər və…”

Rusiyalı politoloqlar hesab edirlər ki, rəsmi İrəvan Ermənistanın iştirak etməyəcəyi, ancaq Rusiyanı Azərbaycan və Türkiyə ilə silahlı toqquşmaya sürükləyəcək yeni müharibənin planlarını qurmağa çalışır;

Halbuki son erməni terroruna cavab olaraq, Azərbaycan ordusunun Xankəndi və ətraf bölgədə nəzarəti gücləndirməsi də onu göstərir ki, yeni təxribatlar Ermənistan üçün bumeranq effekti verə bilər…

Azərbaycan və Ermənistan arasında qısamüddətli silahlı toqquşmalardan sonra atəşkəsin elan olunması bir çox dətişikliklərə yol açdı.

Ən azından, rəsmi İrəvan artıq əvvəlki kimi “qırmızı cizgiləri” keçməyə cəsarət etmir. Çünki bunun nə qədər təhlükəli olduğuna real savaş meydanında əminlik qazandı.

Ona görə də, atəşkəsdən dərhal sonra Paşinyan hakimiyyətinin təmsilçiləri bir-birinin ardınca Ermənistanın Azərbaycanla sərhədləri delimitasiya və demarkasiya prosesinə başlamağa hazır olduğunu bəyan etdilər. Hətta Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu da vurğuladı. Və bu, qısamüddətli savaşın real nəticəsi hesab oluna bilər.

silahli-toqqushma.jpg (59 KB)

Belə anlaşılır ki, hazırda Paşinyan hakimiyyəti silahlı toqquşmaların bərpa olunma təhlükəsinin qarşısını almaq üçün demək olar, hər şeyə hazırdır. Eyni zamanda, Ermənistan cəmiyyəti də son hərbi qarşıdurmanın mövcud nəticələrindən müəyyən dərslər çıxara bilib. Yəni, radikal revanşistlər nəzərə alınmazsa, erməni toplumu savaş təhlükəsinin Ermənistanı süquta aparacağını anlamağa başlayıb.

Maraqlıdır ki, Rusiya siyasi dairələrində də Ermənistanın geopolitik reallıqlarla barışmaq məcburiyyətində olduğu qənaətindədirlər. Kremldən verilən bəyanatların da mütləq əksəriyyətində Ermənistana üçtərəfli anlaşmaların icra olunması məsləhət görülür. Və bu, rus politoloqların açıqlamalarında da öz əksini tapır.

Rusiyalı politoloq Qriqori Trofimçuk rəsmi İrəvana xatırladıb ki, Azərbaycan dənizdə havanın normallaşmasını gözləməyə qətiyyən vərdişli deyil. Ona fikrincə, Azərbaycan Zəngəzur dəhlizinin açılması və Ermənistanla sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı təşəbbüsü öz əlinə alıb. Yəni, əgər, sərhədləri müəyyən edən xəritələr yoxdursa, Ermənistan da delimitasiya və demarkasiya prosesindən imtina edirsə, Azərbaycan özünə aid olanı heç kimdən soruşmadan götürmək haqqına sahibdir.

Rus politoloq hesab edir ki, son baş verən hadisələr qətiyyən təəccüblü deyil. Çünki üçtərəfli anlaşmalar var, rəsmi İrəvan həmin sənədləri icra etmir. Bu səbəbdən də Azərbaycan üçtərəfli anlaşmaların icra olunması məqsədilə Ermənistana yüngülvari təzyiq göstərir, vaxtlə ərazi bütövlüyünün bərpasında istifadə etdiyi plan üzrə hərəkət edir. Azərbaycan öz davranışlarında tamamilə haqlı olduğundan Rusiya da rəsmi Bakıya etiraz etmir, deməli, hər şey üçtərəfli anlaşmaların tələbləri çərçivəsində baş verir.

452096.jpg (79 KB)

Təbii ki, belə situasiyada hərbi müqavimət potensialı olmayan Ermənistanın arsenalında cəmisi iki medod qalır. Bunlardan birincisi, beynəlxalq qurumlara və bəzi ermənipərəst dövlətlərə davamlı şikayət etməkdən ibarətdir. Ancaq Ermənistanın bu metodu baş nazir Nikol Paşinyanın da etiraf etdiyi kimi, artıq öz təsirini itirməyə başlayıb. Çünki Azərbaycan və Ermənistan arasında sərhədlər müəyyən olunmadığı üçün rəsmi İrəvanın şikayətlərinin beynəlxalq hüquqda qarşılığı yoxdur. Ona görə də, rəsmi İrəvanın şikayətləri beynəlxalq siyasi iradə mərkəzləri üçün bezdiricilik mərhələsinə keçib.

Ermənistanın bu mərhələdə yararlana biləcəyi əsas müqavimət metodu kimi isə geriyə yalnız terrorçuluq fəaliyyətinin gücləndirilməsi qalır. Erməni terrorunun güclənməsi isə rəsmi Bakını qabaqlayıcı addımlar atmağa sövq edir. Son vaxtlar Paşinyan hakimiyyətinin əsas hərbi-siyasi hədəfi Rusiyanı Cənubi Qafqazda silahlı toqquşmalara cəlb etməkdən ibarərdir.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin bu istiqamətdə göstərdiyi cəhdlərdən duyuq düşməyə başlayıblar. Hətta artıq bu mövzuda Rusiya siyasi dairələrində açıq şəkildə danışılır. Rusiya politoloqları rəsmi İrəvanın belə planlar qurmasının təhlükəli tendensiya olduğunu vurğulayırlar.

Ancaq Kremlə yaxınlığı ilə tanınan rus politoloq Sergey Markov hesab edir ki, Rusiya Ermənistanın hərbi-siyasi avantüralarını ciddiyə almaz. Onun fikrincə, Kreml rəsmi İrəvana Rusiya ordusundan Ermənistanın geopolitik maraqlarının təmin edilməsi məqsədilə istifadə şansı tanımaz. Yəni, Rusiya ermənilərə görə öz ordusunu regional münaqişəyə daxil etməz.

kollajjj-11177779.jpg (540 KB)

Rus politoloqun fikrincə, Ermənistan Rusiya və Türkiyə münasibətlərinin pozulacağı vaxta qədər gözləməyi planlaşdırır: “Əsas hədəf isə ondan ibarətdir ki, Qarabağ ətrafında növbəti silahlı münaqişənin başlaması mümkün olsun. Ancaq rəsmi İrəvanın planlaşdırdığı yeni savaşda Ermənistanın Azərbaycanla müharibəyə başlaması ilə bağlı hər hansı niyyəti yoxdur. Paşinyan hakimiyyəti yeni müharibənin Rusiyanın Azərbaycan və Türkiyəyə qarşı hərbi toqquşması olaraq, baş verməsini arzulayır”.

Ona görə də, S.Markov hesab edir ki, rəsmi İrəvan öz məqsədlərinə çatmaq üçün bütün mümkün hərbi-siyasi təxribatlardan istifadə etməyə çalışacaq: “Rəsmi İrəvan ilk növbədə Azərbaycan hərbçiləri və Rusiya sülhməramlıları arasında silahlı münaqişəyə nail olmağa çalışacaq. Ehtimal edirəm ki, ermənilər bu məqəsədə çatmaq üçün hətta Rusiya sülhməramlılarının hərbi formasını belə, geyinəcəklər”.

Görüntüyü kimi, rus politoloq yaxın vaxtlarda ermənilərin bölgədə yeni təxribat-terror fəsliyyətini gücləndirə biləcəyini ehtimal edir. Bir müddət öncə erməni terrorçunun Azərbaycan hərbçilərinin blok-postuna əl qumbarası atması da belə bir təhlükənin tamamilə real olduğunu göstərir. Halbuki həmin terror aksiyası ermənilərə baha başa gəlmişdi.

Məsələ ondadır ki, erməni terrorçunun törətdiyi təxribatdan sonra Azərbaycan ordusu rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgəyə nəzarəti gücləndirib. Ona görə də, hesab etmək olar ki, ermənilərin bütün təxribatları elə özlərinə qarşı bumeranq effekti verə bilər (musavat).

Digər Xəbərlər
Xəbər Lenti