Mahmudova böyük qardaş məsləhəti verdi: "Məni ən çox narahat edən..."

17 Noyabr 2021 21:00 Araşdırma 709
Mahmudova böyük qardaş məsləhəti verdi: "Məni ən çox narahat edən..."

Yığmanın seçmə mərhələdə uğursuzluğu fonunda Emin Mahmudov özünü ən yaxşı tərəfdən göstərməyi bacardı.

Hazırda formasının zirvəsində olan “Neftçi”nin kapitanı qrup mərhələsində vurduğu 4 qolun üzərinə Qətərlə yoldaşlıq görüşündəki 2 qolu da gətirməklə yığma formasındakı toplarının sayını 8-ə çatdırdı.

Daha öncə Türkiyə və Latviya ilə yoldaşlıq görüşlərində 2 dəfə fərqləndiyini də xatırladaq.

Mahmudov 2021-ci ildəki məhsuldarlığı sayəsində millinin ən sərrast futbolçuları siyahısında əməlli sıçrayışa imza atdı. Xeyli həmkarını geridə qoyub yığma tarixində 9 qol vurmuş Vaqif Cavadova yaxınlaşdı.

Növbəti oyunlarda Emin vuracağı 2 mümkün qolla Cavadovu geridə qoyub, bu dəfə Qurban Qurbanovun rekordunu (14 top) yeniləməyə çalışacaq.

Hazırda yığmanın ikinci ən çox qol vuran futbolçusu adının tək sahibi Vaqif Cavadov Sportinfo.az-a açıqlamasında “8 nömrə”nin məhsuldarlığından danışıb.

Ötənlərin məşhur siması buna görə narahat olmadığını deyərək, qol sayının artması üçün Eminə yol göstərib:

“Emin Mahmudovu bu münasibətlə təbrik edir, uğurlar arzulayıram. Biz oynadığımız dövrdə başqa futbol idi, indi tam başqa.

Oynasaydım, bəlkə də qolların davamını gətirərdim. Təəssüf ki, karyeramı çox erkən başa vurmalı oldum.

Ümid edirəm ki, 8 qolun davamı gələcək. Emin bu gün millidə önəmli futbolçulardan biridir. Xüsusən də komanda hücuma çıxanda.

Məni ən çox narahat edən həddən artıq geriyə çəkilməsidir. Onsuz da, milli müdafiə planlı futbol sərgiləyir. Belədə, Mahmudovun da müdafiəyə qədər geriləməsi komandanın oyununa mənfi təsir edir.

Emin hücum planlı futbolçudur və irəlidə daha çox fayda verir. Qollar vurur, penalti və cərimə zərbələri qazanır.

Böyük qardaş kimi məsləhətim budur ki, tez-tez müdafiəyə çəkilməklə güc itirməsin. Futbolçu 90 dəqiqə eyni templə irəli-geri qaça bilməz. Yenə deyirəm, Eminə uğurlar arzulayıram”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda