AFFA-dan Tsxadadzeyə edilən zəng, Abasovun pozmalı olduğu plan

8 İyul 2021 20:00 Araşdırma 2 217
AFFA-dan Tsxadadzeyə edilən zəng, Abasovun pozmalı olduğu plan

“Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk qarşılaşmasında səfərdə Tbilisi “Dinamo”suna qalib gəldi.

Amma bu oyuna qədər çox ilginc proseslər olub.

“Dinamo”nun baş məşqçisi Kaxaber Tsxadadze uzun müddət Azərbaycanda çalışıb.

Bu istedadsız məşqçi Azərbaycandakı himayəçiləri sayəsində futbolumuza xeyir verməsə də, qaz vurub, qazan doldurmağı bacarıb.

Azərbaycanın sərvətini talayan cinayətkar Cahangir Hacıyevin ötürdüyü vəsait hesabına az qala Gürcüstandakı bütün qohum-əqrəbalarına gün ağlayan bu şəxs, futbolumuza çimdik boyda da töhfə vermədi. Azərbaycanı isə “istedadlı dələduz” statusu ilə tərk etdi.

Daha sonra vətənində işlədi, qovuldu, Qazaxıstanda çalışdı, qovuldu, indi “Dinamo”da lövbər salıb. Məvacibi də Azərbaycanda qazandığından yüz dəfə az.

Elə ona görə də yenə Azərbaycana can atır. Burda isə himayəçiləri kifayət qədər.

Nöşün ki, AFFA-da, klublarda da xeyli “istedadlı dələduzlar” var. Milli “istedadlı dələduzlar”. Onlar Tsxadadzenin yenidən Azərbaycana qaytarılmasında maraqlıdırlar.

AFFA-dakı mənbədən verilən məlumata görə, artıq bununla bağlı “əməliyyat” başlayıb. “Neftçi” ilə oyundan əvvəl AFFA-da yüksək vəzifə tutan şəxslərdən biri Tsxadadzeyə zəng edib.

Ona bildirilib ki, Azərbaycana qayıtması üçün qapının açılması “Dinamo”nun “ Neftçi”ni mübarizədən kənarlaşdırılmasına bağlıdır. Plan belə olub:

“Dinamo” “Neftçi”ni mübarizədən kənarlaşdırır, Samir Abasov istefaya göndərilir, Tsxadadze gətirilir. Planın ikinci frazası da var:

Gələcəkdə Canni de Byazi istefaya göndərilir və Azərbaycan yığması Tsxadadzeyə tapşırılır. Amma Samir Abasov ilk qarşılaşmada bu planı pozmaq üçün önəmli addım atıb.

İndi qalır Bakıda da bu dələduzun dərsini vermək. Tsxadadze isə öz “amplua”sındadır. Oyundan sonra verdiyi açıqlamada “Neftçi”yə məğlubiyyətə belə haqq qazandırıb: “Bu, mənim qurduğum komanda deyil”.

Tsxadadzenin bu mesajı ikibaşlıdır. Həm “Dinamo” rəhbərliyinə, həm də Azərbaycandakı himayəçilərinə deyir ki, mənim günahım yoxdur.

Amma “Dinamo” mərhələ adlaya bilməsə, çətin ki, Tsxadadzeni saxlasınlar. Ondan sonra Azərbaycandakı himayəçilərin də onu Bakıya dəvət etməsi çətin olacaq. Möhkəm ol, Samir Abasov!

BİZ

Digər Xəbərlər
Xəbər Lenti