İsveçrə millisi Bakıda dəhşətli film yox, "Minbir gecə" çəkmək niyyətindədir

10 İyun 21:20 Araşdırma 1 263
İsveçrə millisi Bakıda dəhşətli film yox, "Minbir gecə" çəkmək niyyətindədir

“Blue News" nəşri "İsveçrə yığmasının ulduzları Bakıda öz nağıllarını yaradırlar" başlıqlı yazı hazırlayıb.

Sportinfo.az xəbər verir ki, müəllif komandanın 1996-cı ildə Azərbaycana 0:1 hesabı ilə uduzduğu dünya çempionatının seçmə oyunu vaxtı gördükləri ilə müqayisədə hazırkı Bakını müqayisə edib.

Nəşr yazır ki, həmin vaxtdan 25 il sonra isveçrəli futbolçular tam fərqli mənzərə ilə qarşılaşıblar.

Yazıda Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı Olimpiya Stadionunadək 8 zolaqlı yolun çəkildiyi, küçələrin göydələnlərlə əhatə olunduğu vurğulanıb.

O da qeyd edilir ki, İsveçrə yığmasını koronavirus pandemiyası ilə əlaqədar karantin dövründə mərkəzdən uzaqda qalmaları narahat etmir:

"Oyunçular Avropa çempionatı zamanı "köpük"də qalmalıdır. Onların yalnız oteldə, avtobusda, məşq meydanlarında və ya stadionda olmalarına icazə verilib.

UEFA ətraf dünya ilə təmasları qadağan edib. UNESCO-nun Ümumdünya İrs Siyahısına saldığı İçəri Şəhərə, brend mağazalara və sahilkənarı Nizami küçəsinə ("Torqovı") ekskursiyaları mümkün deyil.

Komanda üzvləri məşqlərini "Bilgah Beach" otelindən 10 dəqiqəlik məsafədə olan "Dalğa Arena"da keçirlər.

Cerdan Şakiri, Qranit Caka və digərləri bu stadiona ayaq basan ilk ulduzlar deyillər. 4 il əvvəl burada 17 yaşadək futbolçular arasında Avropa çempionatı keçirilib və hollandiyalı Mattis de Liqt, almaniyalı Kay Haverts kimi məşhurlar üzə çıxıblar”.

Yazıda o da bildirilir ki, İsveçrə millisi Bakıda dəhşətli film yox, "Minbir gecə" çəkmək niyyətindədir.

Xəbər Lenti