“Neftçi”yə çempion olmağın yolunu başa saldı

18 May 2021 00:42 Araşdırma 1 441
“Neftçi”yə çempion olmağın yolunu başa saldı

Sportinfo.az Azərbaycan millisinin və “Qarabağ”ın sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin müsahibəsini təqdim edir:

- Premyer Liqada mövsümün çempionu son tur çərçivəsində mayın 19-da keçiriləcək “Neftçi” – “Qarabağ” oyununda bəlli olacaq. Əzəli rəqiblərin duelindən nə gözləyirsiz?
- İlk dəfədir ki, hansısa komandanın üstün olduğunu söyləmək çətindir. Hər ikisi son iki turda çempionluğa layiq oyun göstərdi. Həm heyətin keyfiyyəti, həm oyun, həm də nəticə baxımından oxşarlıqlar var. Aralarında elə böyük fərq yoxdur. Sadəcə, bəzi nüanslara görə, proqnoz verməyə tərəddüd edirəm. Məsələn, “Qarabağ” oturuşmuş müdafiəni yarmaqda çətinlik çəkir. Amma “Neftçi”nin də müdafiədə oturacağına inanmıram. Çünki onların hücumameyilli oyunçusu çoxdur. Ancaq “Neftçi” “Qarabağ”la son matçda 8-9 nəfərlə müdafiə olunaraq 2:1 hesablı qələbə qazandı. Yəni “Neftçi”nin hansı taktikada oynamasından çox şey asılı olacaq. Digər tərəfdən “Qarabağ”ın açıq futbol oynaması “Neftçi”nin işinə yaraya bilər. “Qarabağ” topsuz qala bilmir, yalnız hücum futbolu sərgiləyir. Amma “Neftçi” həm müdafiə, həm də hücum taktikası ilə çıxış edə bilir. Bütün bu məqamlar fikirləri haçalandırır.

- “Neftçi” daha çox hücum etməyə məcburdur, çünki mütləq qələbə qazanmalıdır. Bəs bu amil “Qarabağ”ın işini asanlaşdıra bilərmi?
- Bəli, rəqibin müdafiəyə çəkilməməsi “Qarabağ” üçün asan ola bilər. Ağdam təmsilçisinə boş zona versən, mütləq dəyərləndirəcək. Məsələn, “Qarabağ”ın “Sumqayıt”la matçlarına nəzər yetirək. “Sumqayıt” çempionatda açıq futbol oynadı, iki görüşdə böyük fərqlə uduzdu. Amma ölkə kubokunda müdafiəyə qapandı və mərhələni keçdi. Məncə, “Neftçi”nin seçəcəyi taktikadan çox şey asılı olacaq. Hesab edirəm ki, bu qarşılaşmada vurulan ilk qol çox şeyi həll edəcək.

- Çempionluq oyunu olsa da, gözlənilən ajiotaj yoxdur. Bunun səbəbini nədə görürsüz?
- Futbolu gözəlləşdirən azarkeşlərdir. Pandemiyaya görə bu mövsüm oyunlar tamaşaçısız keçirilib. Sosial şəbəkələrdə azarkeşlər arasında söz “davası”, televiziyalarda müzakirələr olanda ajiotaj da yaranır. Ancaq bunun heç biri azarkeşlərin tribunalarda olmasını əvəz edə bilməz. Canlı dəstək tam başqadır. Əvvəllər çempionluğun taleyi son tura qalsa belə, hansısa komandanın taleyi digərindən asılı olurdu. Amma bu dəfə hər şey “Neftçi” və “Qarabağ”ın öz əlindədir.

- Azarkeşsiz istənilən effekti verəcəkmi?
- İstər-istəməz verməyəcək. Bu o demək deyil ki, komandalar zəif oynayacaq. Amma futbolçulara motivasiya verən, onları irəli atılmağa vadar edən azarkeşdir. Əgər futbolçular meydançada bir-birilərinin səsini eşidirlərsə, əlbəttə ki, o effekti verməyəcək. Adicə İngiltərə Premyer Liqasında boş tribuna önündə keçirilən oyunla, nisbətən zəif çempionatda azarkeşlərlə baş tutan görüş çox fərqlənir. Futbolçu klubundan, məşqçisindən çox azarkeşlər üçün mübarizə aparır.

- Hansı komandanı nisbətən şanslı sayırsız?
- Söhbətin əvvəlində dediyim kimi, nəsə demək çətindir. Hərəsinin bir üstünlüyü var. “Qarabağ” təcrübəli komandadır, neçə ildir çempion olur. Bu üzdən daha sakit oynaya bilər. “Neftçi” də yaxşı formadadır, sürətli hücumlarla qol şanslarından yararlana bilir. Bir qol çempionluğun taleyini həll edəcək (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti