AFFA-nın “lisenziyalaşdırma əməliyyatı”nın sirri

11 May 2021 20:20 Araşdırma 1 439
AFFA-nın “lisenziyalaşdırma əməliyyatı”nın sirri

AFFA yenə də, birinci dəstədə çıxış edən komandalardan heç birinə lisenziya vermədi.

Əslində, özləri söz vermişdilər ki, 2 əyalət komandası elitada çıxış edəcək.

Amma son anda verdikləri sözə əməl etmədilər. Niyə? Səbəb nədir ki, AFFA əyalət komandalarına – “Turan Tovuz”a, “Kəpəz”ə, “Zaqatala”ya lisenziya vermir?

Əyalətdə “yumaq” sərf etmir?

Brinci dəstədə çıxış edən komandalar AFFA tərəfindən maliyyələşir. Deməli, lisenziya şərtlərini də AFFA təmin etməlidir. Yəni elitada iştirak edəcək komandaların bank təminatını AFFA verməlidir.

Necə ki, bu təminatı elitada çıxış edən komandalarına – “Səbail”ə, “Keşlə”yə, “Sumqayıt”a verir AFFA. Hansı yolla, necə, bunu özləri yaxşı bilirlər.

Necə olur ki, bir gecənin içində “Səbail” adlı komanda formalaşdırılır, onların lisenziya məsələsi həll edilir, amma əyalət klublarına gələndə iş düyünə düşür?

Bir halda ki, bu komandların hamısı AFFA tərəfindən maliyyələşirsə, bu ayrı-seçkilik nədən yaranır? Bununla bağlı müxtəlif versiyalar səslənir. Birinici versiya odur ki, əyalətdə klub saxlamaq üçün daha çox maliyyə tələb edilir.

Məsələn, AFFA “Keşlə” üçün ildə 6 milyon manat ayırır. Bu vəsaitin müəyyən qismi, deyək ki, 2 milyon manatı “yuyularaq” vəsaiti ayıranlara qaytarılır.

Tutaq ki, AFFA “Turan Tovuz”a da ildə 6 milyon manat vəsait ayırmalı oldu. Bu vəsaitdən 2 milyonu geri qaytarmaq mümkün olmayacaq.

Çünki əyalət klublarının xərcləri həddindən artıq çox olur ki, bu da “yuyulma”da problem yaradır. Yəni vəsait ayıranların “haqqı” geri qayıtmır.

Vaxtilə “Kəpəz”də bu “yuyulma”nın üstü açıldı və qiymətlərin necə şişirdildiyi hər kəsə bəlli oldu. Təbii ki, bütün sifarişlər AFFA-dan verilirdi, amma qurban gedən Mikayıl Nərimanoğlu oldu.

Olayın üstü açılandan sonra isə “Kəpəz”in də kitabı bağlandı. Bütün bu proseslərdən sonra AFFA-da maliyyəyə nəzarət edənlər daha ehtiyatlı hərəkət edirlər.

Legioner amili
Onlara Bakıda klub “saxlamaq” sərf edir. Hər şeyə özləri nəzarət edir, nə səs çıxır, nə də səmir. Bu məsələdə bir məqama da diqqət yetirmək vacibdir.

Əyalət komandalarında legionerlərin çıxışı olduqca müşkül məsələdir. Heç kəsə sirr deyil ki, AFFA rəhbərləri həm də “menecer bazarı”na nəzarət edirlər.

O cümlədən, legionerlərin ölkəyə gətirilməsinə də. Hansısa legioneri Tovuza, Zaqatalaya göndərmək çox çətindir. Amma Bakıya böyük məmnuniyyətlə gəlirlər.

Əyalətə gedəcək legioner daha çox pul tələb edir, nəinki Bakıda çıxış edəcək. “Menecer mafiyası”na da əyalətə legioner göndərmək sərf etmir. Onlar da legionerlərdən müəyyən haqq alırlar.

Bakıda oynayan legionerdən gələcək haqq əyalətdə çıxış edəcək futbolçudan tutulacaq haqqdan kifayət qədər çox olur. Belə olan təqdirdə, AFFA-йа əyalətdə komanda saxlamaq qətiyyən sərf etmir.

Maraq, bazar marağıdırsa...

Yəni gəlinən qənaət budur ki, Azərbaycanda bir qrup şəxs futbol təsərrüfatını tam monopoliyaya alıb. Onlar əsas maliyyə qaynağını ələ keçirməklə, “bazar” formalaşdırıblar.

Bu bazarın öz qayda-qanunları yaradılıb. Veriləcək və qaytarılacaq vəsait müəyyənləşib. Bütün komandalarda bu qrupun adamları yerləşdirilib.

Onlar işi peşəkarlıqla görür, “yuyulma” əməliyyatını izsiz həyata keçirirlər. Yəni adamlar dövlətin ayırdığı vəsaiti mənimsəmək üçün mükəmməl sistem formalaşdırıblar.

Bu sistemdə hər kəsə çatacaq haqq bəllidir. Hətta hansı futbolçunun – istər yerli olsun, istərsə də legioner, hansı komandada oynayacağını da onlar həll edirlər.

Azərbaycan çempionatına ötəri diqqət etsəniz, eyni yerli və legioner futbolçuların mütəmadi olaraq bir komandadan başqasına ötürüldüyünün şahidi olarsınız.

Əyalət komandalarının yaradılması bu sistemdə çat yarada bilər. Ortada Gəncə nümunəsi var. Əyalətə həm yerli, həm də əcnəbi futbolçular getmək istəmirlər.

Və belə olan təqdirdə, ağrımayan başa dəsmal bağlamağa nə hacət? Azərbaycanda futbolun inkişafı, onun bölgələrə yayılması heç vaxt prioritet məsələ olmayıb.

Ən azı hazırkı AFFA yönəticiləri üçün. Burаda prioritet məsələ ayrılan vəsaitin “təyinatı” üzrə xərclənməsini təmin edib, “yuyulmuş” hissəni geri qaytarmaqdır.

Bu proses də «mükəmməl mexanizm»lə həyata keçirilir. Belə olan təqdirdə, “Turan Tovuz”, “Kəpəz” “Zaqatala”ya lisenziya niyə verilsin ki? Adamlar axmaq deyillər axı…

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti