Erməni vəhşiliyindən zərər çəkənlər gileylənir

5 May 2021 14:10 Araşdırma 465
Erməni vəhşiliyindən zərər çəkənlər gileylənir

44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfi müharibə zonası ilə sərhəddə yerləşən və yerləşməyən xeyli sayda yaşayış məskənlərimizi beynəlxalq səviyyədə qadağan olunmuş raketlərlə atəşə tutdu.

Nəticədə 100-dək mülki şəxs həlak oldu, minlərlə yaşayış, dövlət və özəl obyektə zərər dəydi, bir çoxları tamamilə dağıdıldı.

Ölkə rəhbərliyi müharibə zamanı əhaliyə dəyən zərərin qısa müddətdə aradan qaldırılmasına xüsusi diqqətlə yanaşır. Belə ki, hələ müharibə başa çatmadan Prezident İlham Əliyev tərəfindən noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Həmin Sərəncama əsasən Baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Həmçinin bu Sərəncamın icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən Komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq Sərəncam imzalanıb və aidiyyəti təyinatlı 11 işçi qrupu yaradılıb. İşçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.

Dekabrın 14-də Prezident tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı daha bir sərəncam imzalayıb.

Sərəncama əsasən təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb. Daha sonra yardımın ödənməsi üçün dövlət büdcəsindən ilkin olaraq 9 milyon manat ayrılıb.

Nazirlər Kabinetinin dekabr ayında açıqladığı məlumata görə, Ermənistanın təcavüzü nəticəsində 8 221 daşınmaz əmlaka ziyan dəyib. Onlardan 300 fərdi yaşayış evi, 75 yardımçı tikili və 10 çoxmənzilli bina tamamilə dağılıb. 222 nəqliyyat vasitəsinə ziyan vurulub, onlardan 21-i tam yararsız vəziyyətdədir. 989 baş mal-qara tələf olub.

Prezidentin sərəncamının icrası çərçivəsində 6 143 ailəyə ilkin mərhələdə yardım edilməliydi. Bu zaman nəqliyyat vasitələrinə görə yardım edilmirdi.

Nazirlər Kabinetinin qərarına əsasən ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazi üzrə təmin edəcəkdilər. Elə bu mərhələdə - yəni yardımların əhaliyə çatdırılmasında da bəzi narazılıqlar meydana gəlib. Belə ki, hüquqşünas Mehman Muradlı sosial şəbəkə hesabından Tərtərdə əhaliyə çatacaq vəsaitlərin bir qisminin rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən mənimsənilməsinə başladığına dair məlumat paylaşıb: “Tərtərdə evləri dağılmış sakinlərə şad xəbər veriblər ki, evlərinizin bərpası üçün ödənişlər gəlib və kartları gedib icra hakimiyyətindən götürə bilərlər. Kartlar da icra başçısı Müstəqimdədir. Onun da şərti belə olub ki, 25 faizi sizin, 75 faizi mənim (Müstəqimin)”.

Qeyd edək ki, Tərtər rayonuna müharibə zamanı 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində 40 yaşayış məntəqəsi üzrə 3663 fərdi yaşayış evinə, 83 çoxmənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, o cümlədən, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, İlk Peşə ixtisas məktəbinə, Gənclər Mərkəzinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə, 10 tibb müəssisəsinə və 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib, güclü dağıntılar olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tam dağılıb.

Tərtər rayonu 43 hərbi, 17 mülki şəhid verib, 200-dən çox qazi, 63 mülki yaralı var.

Aprelin 29-da Tərtər İH-in internet saytında yerləşdirilmiş məlumatdan aydın olur ki, ötən müddət ərzində 5496 təmir-bərpa kateqoriyasına aid edilmiş evlərin 2396-da təmir-bərpa işlərinə başlanılıb, 1512 evdə isə təmir işləri başa çatıb. 64 qəzalı evdən 54-də tikinti işləri davam etdirilir.

Tərtər sakinləri prosesin ləng getməsindən narazılıq edirlər. Tərtər şəhər sakini Nüsrət Samanov bildirir ki, onun həyətinə iki dəfə mərmi düşüb: “Evimə ciddi zərər dəyib, tualet tamamən sıradan çıxıb, pəncərələr hamısı sınıb, dam örtüyündəki şiferlər dağılıb. Mənim özüm də qolumdan, başımdan və ayağımdan qəlpə yarası almışdım. Həyətimdə toyuq-cücə saxlayıb ailəmi dolandırırdım, övladımın ödənişli təhsilinin haqqını qarşılayırdım. Mərmi toyuq hinini tamamən dağıdıb, işsiz adamam, başqa qazanc yerim olmadığına görə onu yenidən tikə də bilməmişəm. Gəlib bir dəfə qeydə alıb getdikləridir, ondan bəri maraqlanan yoxdur. Bir neçə dəfə təmir üçün materialların verildiyi yerə getmişəm, deyiblər, hələ sənin adın siyahıda yoxdur. Bəs nə vaxt olacaq? Mənim həyətimə düşən mərminin qəlpələri qonşunun şiferlərini bir neçə yerdən deşib, gəlib onları yerinə salıblar, özünə də min manat veriblər, mən tərəfə baxan da yoxdur. Adam abrını saxlayanda beləmi edirlər?”

N.Salmanovun sözlərinə görə, onun əmlakına dəyən zərəri 25 min manata qədər zərər siyahısına salıblar: “Deyirlər, zərərçəkən çoxdur, hələ sizə növbə çatmayıb. Nə vaxt çatacaq? Övladımın təhsil haqqına görə universitetdən xəbərdarlıq almışıq. Bunlar deyirlər, səbirli ol”...

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatla bağlı Tərtərin icra başçısı Müstəqim Məmmədov mətbuata açıqlama verib. O bildirib ki, evləri dağılmış sakinlərə kompensasiya məbləği icra hakimiyyəti yox, Nazirlər Kabineti tərəfindən verilir: “Nazirlər Kabineti tərəfindən ödəniş kartı ”Kapital Bank"a göndərilir. Bank tərəfindən bu barədə vətəndaşa məlumat verilir və həmin şəxs də bankdan kartını götürür. Bu prosesdə icra hakimiyyətinin heç bir rolu yoxdur. Kimin hansısa şikayəti varsa, prokurorluğa müraciət edə bilər.

Hazırda 1483 vətəndaşa kompensasiya ödənilib. Bildiyiniz kimi, Tərtərə müharibə zamanı çoxsaylı mərmi düşüb. Ona görə də dağıntılar çoxdur. Fövqəladə Hallar Nazirliyi, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi bu məsələ üzərində işləyir. Komissiya işləyib sənədləri Nazirlər Kabinetinin aidiyyəti qurumlarına təqdim edir. Proses tamamlandıqca vətəndaşlara kompensasiya ödənilir" (Qafqazinfo).

Təmir-bərpa işlərinin ləng getməsindən Gəncə şəhər sakinləri də narazılıq edirlər. Şəhər sakini Rəhimova Natella Tofiq qızı yaşadıqları binada bütün mənzillərin pəncərə şüşələrinin sındığını, özünün 3-cü mərtəbədə yerləşən mənzilində isə həm də divarın birinin əyildiyini deyir: “Bizim evə gələn yox idi. Mən Prezidentə müraciət edəndən sonra gəlib kameraya çəkib getdilər. Bir neçə gün öncə isə qaynar xəttə müraciət etdim, dedilər, yaxın günlərdə gəlib təmir edəcəklər. Bilirsiniz, şüşələri bəlkə də özümüz sala bilərik, amma divar elə əyilib ki, onu düzəltmək bizim gücümüz çatan iş deyil. Beşinci mərtəbədəki qonşumuza min manat veriblər, pəncərələrini özü düzəltdirib. Bizə isə heç nə verilməyib, özümüz tələb etməsək, heç qeydiyyata da almırdılar”.

Gəncədə 1000-dən artıq fərdi yaşayış evi qismən zədələnib və ya tamamilə dağıdılıb. Şəhər İcra Hakimiyyətinin İnternet saytında verilən məlumata görə, aprelin 23-dək qismən ziyan dəymiş 253 evin təmiri başa çatıb, 893 evdə isə işlər davam edirdi: “Bununla yanaşı, 24 qəzalı evdən 10-nun tikintisi həyata keçirilir, 14 evin isə fərdi layihəsi hazırlanır”.

Vətən müharibəsi zamanı Gəncədə dağılan 21 fərdi yaşayış evinin tikintisi  aparılır

Maraqlıdır ki, Nazirlər Kabinetinin 14 yanvar 2021-ci il tarixli, 25 nömrəli Sərəncamı ilə Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Təəssüf ki, komitədən indiyədək görülmüş işlərlə bağlı məlumat ala bilmədik. Qurumun İnternet resursunda da bununla bağlı hər hansı məlumat yerləşdirilməyib.

Prezidentin 6 noyabr Sərəncamında həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə vahid məlumat bazasının formalaşdırılması işlərinin həyata keçirilməsi həvalə olunub. Bu məlumat bazasına mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyan və onun aradan qaldırılması ilə bağlı müfəssəl məlumatlar daxil edilməliydi. Burada eyni zamanda, şəxsi, məkan və zaman informasiyaları, 10 ədədədək foto və 3 dəqiqəlik video, qiymətləndirmənin nəticəsini əks etdirən məbləğ və digər bu kimi məlumatlar da öz əksini tapmalıydı.

Agentlikdən sorğumuza verilən cavabdan aydın olur ki, müvafiq baza artıq yaradılıb: “Yaradılmış informasiya sistemində yaşayış və qeyri-yaşayış sahələrinə, nəqliyyat vasitələrinə, fermer təsərrüfatlarına, infrastruktura dəymiş ziyan üzrə məlumatlar toplanır. İnformasiya sistemi dağıntı bölgələrində iş aparan komissiyaların məlumatları toplaması, yerində baxış aktlarını elektron qaydada tərtib etməsi, hadisəyə dair audio-vizual materialları və digər sənədləri sistemə yükləməsi üçün bütün zəruri imkanlara sahibdir. Sistem ötən ilin noyabr ayından etibarən qurumların istifadəsinə verilmişdir”.

Dünya SAKİT

Digər Xəbərlər
Xəbər Lenti