"Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında daim mühüm yer tutub"

7 Mart 2021 20:10 Araşdırma 1 798
"Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında daim mühüm yer tutub"

Sportinfo.az xəbər verir ki, Azərbaycan qadınlarının uğurları, qayğıları, hüquqları və onların müdafiəsi, bu istiqamətdə Ombudsman təsisatının gördüyü işlər, həyata keçirilən layihələr, nəticələr və s. bağlı sualları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva cavablandırır.

-Səbinə xanım, Ombudsman kimi işlədiyiniz müddət ərzində qadın hüquqları ilə bağlı daxil olmuş müraciətlər əsasən hansı məsələləri əhatə edir və əvvəlki dönəmlə müqayisədə hansı fərqlər diqqəti cəlb edir?

- İlk növbədə bildirmək istəyirəm ki, ölkə əhalisinin yarısından çoxunu təşkil edən qadınların hüquqlarını qorumadan, milli siyasətdə gender bərabərliyini tətbiq etmədən demokratik inkişafa nail olmaq mümkün deyil. BMT tərəfindən qəbul edilən 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci məqsədi məhz gender bərabərliyinə nail olmaq, bütün qadın və qızlara səlahiyyət verməkdir. Haqqın, ədalətin və hüququn olduğu bütün cəmiyyətlərdə isə müsbət titrəyişlər daha tez baş verir. Ölkəmizin sadalamaqla bitməyən uğurları Azərbaycanın məhz bu yolda addımladığını göstərir. Xatırlatmaq lazımdır ki, respublikamızda dövlət gender siyasətinin əsasları ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. İldən-ilə bu baxımdan qanunvericilik bazası daha da təkmilləşir. Son dövrlər qadınların hakimiyyət orqanlarında və qərar qəbuletmə prosesində iştirakının əhəmiyyəti getdikcə artmaqdadır. Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri xüsusi qeyd olunmalıdır.
Qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini, qadınların pozulmuş hüquqlarının bərpası daim Ombudsmanın diqqətindədir. Müvəkkil olaraq, öz fəaliyyətimi də qadın hüquqlarını özündə ehtiva edən və əsas beynəlxalq sənədlərdən olan Pekin Fəaliyyət Platformasının 12 prioritet istiqaməti üzrə həyata keçirirəm. Burada konseptual yanaşma ondan ibarətdir ki, qadınların müxtəlif qruplarının xüsusiyyətləri baxımından onların hüquqlarının müdafiəsinə fərqli, bəzən isə fərdi yanaşma tətbiq olunur.

2020-ci il ərzində Ombudsmanın ünvanına daxil olan müraciətlərdə öz əksini tapmış məsələlər, o cümlədən alimentin ödənilməsinə dair məhkəmə qərarlarının icrası, əmək, məşğulluq, sosial təminat, sağlamlığın qorunması, məişət zorakılığının qarşısının alınması, əlillik dərəcəsinin qiymətləndirilməsi və bu kimi digər hallarla bağlı araşdırmalar aparılır, səlahiyyətli dövlət qurumlarına müraciətlər edilir, pozulmuş hüquqların bərpası məqsədilə tədbirlər görülür, eyni zamanda qadın hüquqlarının səmərəli təmini istiqamətində təklif və tövsiyələr verilir. Onu da deyim ki, xüsusi həssaslıqla yanaşılan bu müraciətlərin əksər hissəsi məhz bizim - Müvəkkil olaraq müdaxiləmizin nəticəsində öz həllini tapmışdır.

Təbii ki, qadınların hüquqlarının müdafiəsini pandemiya dövründə də daim diqqət mərkəzində saxlayırıq. Hazırda Azərbaycanda mövcud epidemioloji vəziyyətlə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq, Ombudsmanın Aparatında və regional mərkəzlərində insanların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, hər bir kəs poçt, onlayn müraciət, e-mail, faks, sosial şəbəkələr (facebook, twitter), habelə 24 saat ərzində xidmət göstərən 916 nömrəli Qaynar xətt vasitəsi ilə bizə müraciət edə bilirlər. Daxil olan bütün müraciətlərə çox böyük həssas yanaşaraq qaldırılan məsələlərin həlli ilə bağlı operativ addımlar atırıq.

Məlumat üçün onu da demək istərdim ki, tərəfimizdən sosial xidmət müəssisələrində dövlət təminatında yaşayan əlilliyi olan şəxslərin, o cümlədən qadınların hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə səlahiyyətli dövlət qurumlarına özündə çoxsaylı təklif və tövsiyələri əks etdirən müraciətlər edilmiş və bir çox hallarda onların təmini ilə bağlı zəruri tədbirlər görülmüşdür. Bundan başqa qadın məhkumların və onların ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidentinin yanında Əfv məsələləri komissiyasına vəsatətlə müraciətlər etmişik. Yeri gəlmişkən, dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında ölkə Prezidentinin 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən, 10 qadın məhkum əfv edilmişdir.

- Bir hüquq müdafiəçisi kimi ölkəmizdə qadın hüquqlarının müdafiəsi ilə bağlı, eləcə də qadınların həyatı ilə bağlı narahat olduğunuz, Sizi qane etməyən məqamlar varmı?

- Siz də gözəl bilirsiniz ki, Azərbaycanda qadın siyasəti sahəsində strategiyaların uğurla davam etdirilməsinə, qadınların ictimai həyatda fəal iştirakına və idarəetməyə cəlb olunmasına xüsusi diqqət yetirilir. Amma bununla yanaşı hesab edirəm ki, cəmiyyətdə qadınların potensialından istifadə edilməsi, onların yaradıcılıq fəallığına və təşəbbüskarlığına verilən dəstək daha da gücləndirilməlidir.

Qadın hüquqlarının təmin edilməsi, onların təhsili və sağlamlığı ilə bağlı problemlərin həlli, gender bərabərliyi sahəsində mövcud olan stereotiplərin aradan qaldırılması, qadınların ictimai həyatdakı mövqeyinin müdafiəsi təbii ki, Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindəndir. Ombudsman təsisatı olaraq qadınların hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən aidiyyəti dövlət orqanları ilə bərabər vətəndaş cəmiyyəti institutları, o cümlədən ixtisaslaşmış qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etmək bizim üçün vacib məsələdir. Çünki bu əməkdaşlıq həm pozulmuş insan hüquqlarının bərpası və pozulmasının qarşısının alınması, həm də bu sahədə hüquqi maarifləndirmə işinin səmərəli təşkili baxımından əhəmiyyətlidir. Təsisatımız tərəfindən qızların təhsilə cəlb olunmasının monitorinqi də aparılır və bu iş müntəzəm davam etdirilir. Qadınların təhsil alması və müəyyən əmək fəaliyyəti ilə məşğul olması onların iqtisadi asılılığının aradan qaldırılmasına, nüfuzunun artmasına, ailələrdə sabitliyin təmin olunmasına, boşanmaların azalmasına, nəticə etibarı ilə uşaqların hüquqlarının təmin edilməsinə və cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına öz müsbət təsirini göstərməkdədir. Qeyd etmək lazımdır ki, erkən evliliyin, erkən hamiləliyin, habelə qeyri-rəsmi nikahların qarşısının alınması qadın hüquqlarının təmin edilməsi istiqamətində ciddi problem olaraq qalmaqdadır. İstər fizioloji, istərsə də psixoloji cəhətdən ana olmağa hazır olmayan azyaşlı qızlar təhsildən kənarda qalmaqla öz hüquqlarını müdafiə etmək, fiziki və əqli potensialını gerçəkləşdirmək imkanlarını itirirlər. Erkən evlilik hallarının aradan qaldırılması məqsədilə qanunvericiliyə bir sıra əlavə və dəyikliklərin edilməsini təklif etmişik. Bu vəzifəni icra etdiyim gündən indiyədək qadınların işlə təmini, onların iqtisadi imkanlarının genişlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib, bu sahədə maarifləndirmə işləri aparılır, şəhər və kəndlərdə xırda və iri sahibkarlıqla məşğul olan qadınların problemlərinin həlli məqsədilə səlahiyyətli orqanlara müraciətlər ünvanlamışıq. Nəticədə onlarla sahibkar qadının çətinlikləri aradan qaldırılmış, çoxsaylı qadınlara iş yerləri açılmışdır. Qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda qadın istismarının qarşısının alınmasına, gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Hesab edirəm ki, zorakılığa məruz qalmış ailələrə maddi, mənəvi və psixoloji yardımın göstərilməsi, regionlarda maarifləndirmə işlərinin aparılması, problemlərin həlli üçün icma səviyyəsində təşəbbüs qruplarının yaradılması, qız uşaqlarının təhsildən kənarda qalmasının və erkən nikahların qarşısının alınması üzrə tədbirlərin görülməsi zəruridir. Qadın hüquqlarının etibarlı müdafiəsi və gender bərabərliyinin səmərəli təmin edilməsi məqsədilə bir sıra təkliflər irəli sürülmüş, o cümlədən gender məsələlərinə diqqətin artırılmasını, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin Azərbaycan Hökumətinə tövsiyələri nəzərə alınaraq, zorakılıq qurbanı olan qadınlar üçün regional sığınacaqlar şəbəkəsinin genişləndirilməsini, Avropa Şurasının Qadınlara qarşı və məişət zorakılığının qarşısının alınması və onunla mübarizəyə dair Avropa Şurası Konvensiyasının ölkəmiz tərəfindən imzalanmasını və ratifikasiya edilməsini, Dayanıqlı İnkişaf Məqsədləri sırasında gender bərabərliyinin təmininə dair 5-ci məqsədin milli qanunvericiliyə implementasiyası üzrə tədbirlər görülməsini, məişət zorakılığının qarşısını almaq məqsədilə milli yardım telefon xəttinin, habelə hücum barədə məlumatın çatdırılmasını tezləşdirən və asanlaşdıran onlayn platformanın yaradılmasına maddi dəstəyin verilməsi tərəfimizdən təklif edilmişdir.

Ermənistan tərəfindən hərbi münaqişələr zamanı qadın hüquqlarının qorunmasına dair beynəlxalq sənədlərin, o cümlədən BMT-nin Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannaməsinin müddəalarına əməl edilməməsi, 1949-cu il Cenevrə Konvensiyasının tələblərinin ciddi şəkildə pozulması ilə bağlı dünya ictimaiyyətinə müraciətlər etmiş, beynəlxalq təşkilatlara əsaslandırılmış hesabatlar ünvanlamışıq. BMT və onun qurumları, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirməklə qadın hüquqlarının səmərəli müdafiəsi, həmçinin insan alveri ilə mübarizə sahəsində beynəlxalq meyarların milli səviyyədə tətbiqi istiqamətində də mühüm addımlar atılıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə keçirilmiş videogörüşdə əsas diqqəti Suriyadakı silahlı birləşmələrin tərkibində döyüşən Azərbaycan vətəndaşlarının bu ölkədəki müxtəlif düşərgələrdə girov saxlanılan ailə üzvlərinin, xüsusilə də qadınların vəziyyətinə yönəlmişdir. Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planında Ombudsmanın təklifləri də nəzərə alınıb.

- Azərbaycan qadını öz hüquqlarını bilirmi? Bu baxımdan qadınların maarifləndirməsi ilə bağlı nə kimi işlər görülür?

- İnsan hüquqlarının tərkib hissəsi olan qadın hüquqları, gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ hüquqi aktların qəbul edilməsi bu sahələrdə müsbət nəticələrin əldə edilməsinə imkan yaradıb. Ölkəmizin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında və Uşaq hüquqları haqqında BMT konvensiyalarına qoşulması, qadın və uşaq hüquqları sahəsində dövlət siyasətinin formalaşması, normativ hüquqi bazanın təkmilləşdirilməsi, Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında və Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi və institusional islahatlar bu istiqamətdə atılan mühüm addımlardır. Qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması, uşaq problemlərinin həllinin önə çəkilməsi istiqamətində görülən işlər, siyasi, iqtisadi və sosial sahələrdə gender bərabərliyinə üstünlük verilməsi insan hüquqlarının qorunmasına öz bəhrəsini verməkdədir.

Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020—2023-cü illər üçün Milli Fəaliyyət Planı hazırlanmışdır. Milli Fəaliyyət Planının əsas məqsədi ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılmasıdır. Təşəbbüsümüzlə cəmiyyətdə qadın hüquqlarının təbliğinə, habelə qadınların idarəetmədə və qərar qəbuletmədə fəal iştirakının təmin edilməsinə əsaslanan silsilə maarifləndirmə tədbirləri keçirilir. Dövlət qurumlarının, vətəndaş cəmiyyəti təsisatlarının və icmaların nümayəndələrinin iştirakı ilə təşkil olunan həmin tədbirlər koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiqindən sonra videokonfrans formatında davam etdirilir.
Ombudsman təsisatının əməkdaşları gender bərabərliyinə həsr edilmiş müxtəlif mövzular üzrə videokonfrans formatında keçirilmiş milli və beynəlxalq tədbirlərdə, o cümlədən təlim və seminarlarda iştirak edir, kişi və qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanların yaradılması ilə bağlı Ombudsmanın bu sahədə gördüyü işlər və irəli sürdüyü təkliflərlə bağlı geniş məlumat verilir.

Ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla, o cümlədən məişət zorakılığı ilə mübarizəyə cəlb etmək məqsədi ilə Ombudsman təsisatı tərəfindən 25 noyabr - 10 dekabr tarixlərində 16 gün ərzində davam edən Gender əsaslı zorakılıqla mübarizə kampaniyası çərçivəsində ənənəvi maarifləndirici tədbirlər təşkil edilib. Hesab edirəm ki, bu kimi tədbirlər koronavirus pandemiyası səbəbiylə ailədaxili münaqişələrin, gender əsaslı məişət zorakılığı hallarının artmaqda olduğu bir vaxtda xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa Ombudsmanın regional mərkəzləri tərəfindən gənclərin gender bərabərliyi ilə bağlı daha dərindən maarifləndirilməsi məqsədiylə videokonfranslar və onlayn tədbirlər keçirilib və bu davam etdirilir.
Ombudsman təsisatının dəstəyi və iştirakı ilə bir sıra orta məktəblərdə Gender zorakılığı - cəmiyyətimizin faciəsi adlı layihə çərçivəsində geniş tədbirlər təşkil edilmiş, müzakirələr aparılmış, həmçinin Ombudsmana müraciət etmək qaydaları və Ombudsmanın Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib. Tələbə və magistrantların qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsində elmi-tədqiqat təcrübəsi keçməsi, zəruri təcrübi biliklər əldə etməsi Ombudsmanın diqqətindədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin və Azərbaycan Dillər Universitetinin bir qrup tələbə və magistrantları Ombudsman Aparatında elmi-tədqiqat təcrübəsi keçmiş, onlara insan hüquqlarının müxtəlif sahələri, o cümlədən milli qanunvericilikdə və beynəlxalq hüquqi sənədlərdə gender bərabərliyi ilə bağlı öz əksini tapmış məsələlərlə, habelə müraciətlərin araşdırılması ilə bağlı prosesdə iştitak etmək imkanı yaradılıb.

Həmçinin təklifimizlə Bakı Dövlət Universitetində Genderə giriş fənni tədris olunmuş, qadın hüquqları, gender bərabərliyi, zorakılıqla mübarizə və bu kimi digər mövzularda mühazirələr aparılmışdır. Mütəmadi olaraq qız uşaqlarının hüquqlarının qorunması və onların təhsildən yayınmasının, habelə məişət zorakılığının qarşısının alınması, ana və körpə ölümü ilə bağlı məsələlər müzakirə edilir. İnsan alverinə məruz qalmış qadınların, habelə qadın məhkumların hüquqlarının müdafiəsi diqqətdə saxlanılır, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən mütəmadi olaraq şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə, o cümlədən müxtəlif səbəblərdən qadınların yerləşdirildikləri sığınacaqlara, həmçinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlama mərkəzlərinə başçəkmələr keçirilmiş, insan alverinə məruz qalmış qadınlara ünvanlanmış hüquqi maarifləndirmə və izahat işi aparılmış, zəruri hallarda yardımlar edilmişdir. Ötən müddət ərzində qadınlar üçün nəzərdə tutulmuş 4 saylı cəzaçəkmə müəssisəsinə baş çəkmişik, qadınların saxlanma şəraiti və onlarla rəftar məsələləri, həmçinin müraciətləri araşdırılmış, qadın məhkumların hüquqlarının səmərəli təmini üzrə müəssisə rəhbərliyinə məsləhətlər verilmişdir.

Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında daim mühüm yer tutub. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri Azərbaycan qadınının adı ilə bağlıdır. Əlbəttə, həyat, cəmiyyət var olduqca cəmiyyətdə qadınların rolunun artırılması üçün tədbirlər silsiləsi də davam etdiriləcəkdir.

-Və son sualımız: işinizin cəmiyyətə çatdırılması, məlumatlandırılması və maarifləndirmə... Bu yöndə media ilə fəaliyyətinizi effektiv qura bilirsinizmi?

- Əlbəttə, Ombudsman Aparatı KİV ilə əlaqələrə mühüm əhəmiyyət verir, media ilə əməkdaşlıq qurumun fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bununla Müvəkkilin daimi ünsiyyətdə olduğu dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, icmalar və geniş ictimaiyyətlə sıx əlaqələri davam etdirilir, Ombudsman institutunun fəaliyyəti və onun nəticələri geniş ictimaiyyətin diqqətinə çatdırılır. KİV-lə əməkdaşlıq Müvəkkilin fəaliyyətinin aşkarlıq, şəffaflıq prizmasından təbliğində mühüm rola malikdir. Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri və tədbirləri barədə mətbuat açıqlamaları hazırlanaraq mediaya, çoxsaylı informasiya agentliklərinə, müxtəlif qəzet və jurnallara, teleradio kanallarına, elektron xəbər portallarına operativ şəkildə göndərilməsi təmin edilir. Paytaxtda və regionlarda keçirilən tədbirlərimiz ölkənin aparıcı KİV-lərinin, teleradio kanallarının və qəzetlərin əməkdaşları, o cümlədən bölgə müxbirləri tərəfindən işıqlandırılır.

Ombudsman təsisatı olaraq biz insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, təbliği və təşviqi istiqamətdində yerli və xarici media orqanları ilə səmərəli əməkdaşlıq edirik. Ümumiyyətlə, təsisatın fəaliyyətində KİV, o cümlədən daha üstün keyfiyyətlərə malik olan çevik, dinamik yeni media strukturları, internet saytları, elektron qəzetlər və xəbər portalları ilə əlaqələr mühüm yer tutur. Ombudsman institutunun bir müddət əvvəl yaradılmış Facebook və Twitter səhifələri zəruri məlumat, müraciət və bəyanatların yayılmasında, insanların operativ müraciət etməkləri üçün, qurumun fəaliyyəti ilə bağlı informasiyaların operativ yayılmsında mühüm yer tutur. Ombudsman institutunun media ilə səmərəli əməkdaşlığına nail olma üçün jurnalistlərin hüquqi biliklərinin artırılmasına dəstək olmaqdır. Bu məqsədlə sahə üzrə ixtisaslaşmış media təmsilçiləri Müvəkkilin təşəbbüsü ilə keçirilən ənənəvi müsabiqələrə cəlb edilir, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı Ofisi ilə birgə respublikamızın müxtəlif bölgələrində jurnalistlər üçün maarifləndirici seminarlar təşkil olunur. Eyni zamanda, qurumumuzun təmsilçiləri müxtəlif təşkilatların media məsələlərinə dair keçirdiyi müxtəlif tədbirlərə qatılaraq hüquqi maarifləndirmə yolu ilə hüquq mədəniyyətinin və düşüncəsinin inkişaf etdirilməsində fəal iştirak edirlər.

- Səbinə xanım, vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün çox sağ olun. Bakı-Baku.az saytı olaraq Sizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik. Uğur dolu gələcək arzulayırıq!

- Mən sizə təşəkkür edirəm və saytınıza uğurlar diləyirəm. Yeri gəlmişkən, saytınız vasitəsilə bütün xanımları, gözəl Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm, qadın-ailə xoşbəxtliyi, fəaliyyətlərində sonsuz nailiyyətlər arzulayıram (baki-baku.az).

Digər Xəbərlər
Xəbər Lenti