Qurban Qurbanov futbolçularının tərəfini tutdu, “Sabah”ı təbrik etdi

12 Avqust 2023 02:20 Qarabağ 1 332
Qurban Qurbanov futbolçularının tərəfini tutdu, “Sabah”ı təbrik etdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Finlandiya HJK-inə 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının 3-cü əsnifat mərhələsinin ilk oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis matçın gərgin keçdiyini bildirib:

“Ciddi rəqibə qarşı oynayırdıq. Hava çox isti idi. Futbolçular belə havada sona kimi dözdülər. Vacib qələbə idi. Azarkeşlərə təşəkkür edirəm”.

Təcrübəli çalışdırıcı futbolçularda gərginlik olduğunu gizlətməyib:

“Rəqibin zərbələrini saymadım. Əsas öz qol epizodlarımızdır. İstifadə edə bilmədiyimiz yüz faizlik fürsətlər var idi.

Futbolçuları başa düşürəm. İstər-istəməz gərginlik var idi.

Düşünürəm ki, cavab oyununda tam əksi olar, daha yaxşı oyun göstərib qol epizodlarından istifadə edərik”.

Pley-offa çıxmaq şanslarını dəyərləndirən baş məşqçisi cüzi üstünlük qazandıqlarını vurğulayıb:

“Hər qələbə futbolçulara inam verir. Top buraxandan sonra qol vurmaq vacib idi.

Rəqibin qolundan sonra futbolçular sına bilərdilər. Amma get-gedə oyunu ələ aldılar. Cavab oyunu öncəsi bir az üstünlüyümüz var”.

Qurbanov Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Bakıda Serbiya “Partizan”ına 2 cavabsız qolla qalib gələn “Sabah” komandasını da təbrik edib:

“İnanıram ki, cavab oyununda da yaxşı nəticə əldə edəcək, ölkəmizin reytinq xalını daha da yaxşılaşdıracaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!