“Turan Tovuz”u Konfrans Liqasına yaxınlaşdıran gün

24 Fevral 2023 13:00 Gündəm 517
“Turan Tovuz”u Konfrans Liqasına yaxınlaşdıran gün

Turun ən maraqlı və prinsipial qarşılaşmalarından biri bu gün Tovuzda baş tutacaq.

Son həftələrin ən uğurlu komandası “qara zolağ"a düşən “Zirə”ni qəbul edəcək.

Bu oyun həm də müasir məşqçilik institunun ən uğurlu tələbələrindən biri Ayxan Abbasovla məşqçilikdə sözünü demək üçün alışıb-yanan Rəşad Sadıqovun dueli kimi yadda qalacaq.

***

Səviyyə baxımından bir-birinə yaxın komandaların oyunlarının müqəddaratını psixoloji hazırlıq həll edir desək yanılmarıq.

Bu baxımdan tovuzluların rəqibi ilə müqayisədə bir addım öndə olduğunu deyə bilərik. “Huner Group”un baş sponsorluğu öhdəsinə götürməsindən sonra rəqib tanımayan bölgə təmsilçisi son 3 oyunu qalibiyyətlə başa vurub. Səfərdə “Şamaxı” ilə “Sabah”ı məğlub ediblər, doğma meydanda prinsipial rəqib “Kəpəz”dən üstün olublar. 3 oyunda toplanan 9 xalın yaratdığı ruh yüksəlişi göz qabağındadır.

Əks düşərgədə isə vəziyyət tərsinədir. Sadıqovun çalışdırdığı kollektiv qış fasiləsindən sonra yalnız “Sumqayıt”ı udmağı bacarıb – 3:1. Digər 4 matçın 3-də məğlubiyyət acısı yaşanıb ki, yalnız “Qəbələ” ilə 2:2 hesabı ilə başa çatan oyunda 1 xal qazanmaq mümkün olub. Yəni zirəlilər 4 həftədir qələbənin nə olduğunu bilmir.

***

Bu görüşdə qələbə “Turan Tovuz”a hava-su kimi lazımdır. Mümkün 3 xal bölgə təmsilçisini avrokuboklara bir xeyli yaxınlaşdıracaq. Hazırda turnir cədvəlində durum belədir. “Zirə” 32 xalla 4-cü pillədə qərarlaşıb. 31 xala sahib “Qəbələ” 5-ci, aktivində 26 xal olan “Turan Tovuz” 6-cıdır.

Tovuzlular zirəliləri məğlub edəcəyi halda xal fərqi 3-ə enəcək və 4-cü pillə əvvəlki kimi əlçatmaz görünməyəcək. “Qəbələ”nin qışda sonra doğma meydanda xoş təsir bağışlayan “Səbail”lə qarşılaşacağını və uduzmaq ehtimalını nəzərə alsaq, Ayxan Abbasovun yetirmələri qələbə sayəsində 5-ci pilləyə yüksələ bilər.

***

“Turan Tovuz” üçün bu oyunun prinsipiallığı “qartallar”la çempionatın ilk yarısında baş tutan oyunlarda qeydə alınan nəticələrdir. Oktyabrın ilk günündə Tovuzda keçirilən gərgin oyunda qonaqlar 3:1 hesablı qalibiyyətə sevinmişdi. Dekabrın 4-dəki görüşdə də zirəlilər evdə rəqibini üstələmişdi – 2:1.

“Zirə” bölgə təmsilçisinin cari mövsümdə hər ki oyunda uduzduğu iki komandadan biridir. Digəri “Qarabağ”dır.

Fevralın 24-də Premyer Liqanın 24-cü turu çərçivəsində baş tutacaq “Turan Tovuz” – “Zirə” matçı saat 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı